BAKI, 18 mart. TELEQRAF

Hollandiya parlamenti ifrat sağçı Azadlıq Partiyasının Müsəlman Qardaşları hərəkatı və onunla əlaqəli təşkilatların fəaliyyətini qadağan edən təşəbbüsünü dəstəkləyib.

Teleqraf xəbər verir ki, təşəbbüsü Azadlıq Partiyasının lideri Geert Vilders və onun partiya yoldaşı Maykl Bon irəli sürüb.

Sənədin mətnində qadağa tərəfdarları Müsəlman Qardaşlarının şəriət qanunlarına əsaslanan bir sistem qurmaq istəyini təsvir edən Fransa hökumətinin hesabatına istinad edirlər.

Xristian Demokrat Partiyasından olan millət vəkili Thijs van den Brink qeyd edib ki, Hollandiya Müsəlman Qardaşları rəsmi qeydiyyatdan keçmiş təşkilat kimi təmsil olunmur və bu da onun fəaliyyətinin qadağan edilməsini çətinləşdirir.

Hollandiya Parlamentinin qətnamələri tövsiyə xarakteri daşıyır və özlüyündə heç bir hüquqi qüvvəyə malik deyil, lakin onlar parlament üzvlərinin əksəriyyətinin siyasi mövqeyini əks etdirir və hökumətin sonrakı hərəkətləri üçün əsas ola bilər.