BAKI, 12 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə enerji daşıyıcısının qiymətini aşağı salmaq məqsədilə strateji neft ehtiyatlarının bir hissəsinin bazara buraxılacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp WKRC telekanalına müsahibəsində danışıb.

ABŞ liderinin sözlərinə görə, hökumət strateji neft ehtiyatlarının bir hissəsini istifadə edəcək, daha sonra isə bu ehtiyatlar yenidən doldurulacaq.

“Biz bunu edəcəyik. Sonra isə ehtiyatı yenidən dolduracağıq. Mən bir dəfə onu doldurmuşdum və yenə dolduracağam. Amma indi onu bir qədər azaldacağıq və bu, qiymətləri aşağı salacaq”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ-nin strateji neft ehtiyatı 1975-ci ildə qlobal enerji böhranından sonra Konqresin qərarı ilə yaradılıb. Hazırda Luiziana və Texas ştatlarında yerləşən duz laylarında qurulmuş dörd anbarında təxminən 415 milyon barel neft saxlanılır. Anbarların ümumi maksimum tutumu isə 714 milyon barel təşkil edir. Bu ehtiyat hökumətlərə məxsus ən böyük neft ehtiyatı hesab olunur.