BAKI, 10 mart. TELEQRAF
Yaxın Şərqdəki silahlı münaqişənin legitimliyi və hüquqi əsası yoxdur. Davam edən hərbi əməliyyatlar yalnız daha çox mənasız itkilərə səbəb olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə telefon danışığı zamanı bildirib.
Çin Mərkəzi Televiziyasının verdiyi məlumata görə, Çin xarici işlər naziri vurğulayıb ki, bu müharibənin əsas səbəbi legitimlik və qanunilikdən uzaqdır və onun davam etməsi yalnız daha böyük mənasız itkilərə səbəb olacaq:
"Vəziyyətin pisləşməsinin qarşısını almağın əsas yolu ABŞ və İsrailin hərbi əməliyyatları dayandırmasıdır. Eyni zamanda, biz Körfəz ölkələrinə hücumları qəbul etmirik. Mülki hədəflərə və günahsız mülki şəxslərə qarşı edilən hər hansı bir hücumu pisləyirik".
İshaq Dar isə qeyd edib ki, Pakistan Çinin gərginliyi azaltmaq səylərini yüksək qiymətləndirir və sülhə nail olmağın effektiv yollarını tapmaq üçün BMT-də Pekinlə koordinasiyanı gücləndirməyə hazırdır.