BAKI, 10 mart. TELEQRAF

BMT Baş katibi Antonio Quterreş müsəlmanların müqəddəs Ramazan ayı münasibəti ilə illik həmrəylik səfəri çərçivəsində Türkiyəyə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında bildirib.

Quterreş bu axşam Türkiyəyə yola düşəcək.

"Bildiyiniz kimi, baş katib hər il Ramazan həmrəyliyi səfəri həyata keçirir. Bu il o, türk xalqının uzun illər ərzində göstərdiyi fövqəladə səxavətinə ehtiram göstərmək üçün Ankaraya səfər edəcək" - deyə, Stepan Dujarrik mətbuat konfransında bildirib.

Türkiyənin zorakılıq və təqiblərdən qaçmağa məcbur olan milyonlarla insana qonaqpərvərliyini xatırladan Dujarrik Quterreşin səfəri zamanı Türkiyədə qaçqınlara dəstək verən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcəyini deyib:

"Türkiyə 2,3 milyondan çoxu suriyalı da daxil olmaqla, 2,5 milyon qaçqın və sığınacaq axtaran şəxslərə dəstək verən dünyanın ən böyük ölkələrindən biridir".

Məlumata görə, Quterreş Türkiyəyə səfəri zamanı “Atatürk Beynəlxalq Sülh Mükafatı”na layiq görüləcək.

"Səfər zamanı baş katibin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan ilə müzakirələr aparması planlaşdırılır", - Dujarrik əlavə edib.