BAKI, 10 mart. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Teleqraf xəbər verir ki, turun sonuncu oyununda çempionatın lideri "Sabah" "Qəbələ"ni qəbul edib.

"Bank Respublika Arena"da keçirilən görüşdə meydan sahibləri rəqibini darmadağın edib - 7:1.

"Bayquşlar"dan Coy Lens Mikels (11 və 22-ci dəqiqələr), Aleksey İsayev (24), Kahim Parris (40), Aaron Maluda (53), Cesse Sekidika (63) və Rəhman Daşdəmirov (77) fərqləniblər. "Qırmızı-qaralar"ın təsəlli qolunu 87-ci dəqiqədə Adriel Ba Lua vurub.

Bununla da "Sabah" xallarının sayını 56-ya çatdıraraq liderliyini möhkəmlədib. "Qəbələ" 16 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti turun oyunları martın 13-15-də keçiriləcək.