BAKI, 9 mart. TELEQRAF

BRICS ölkələrinin beynəlxalq gözəllik müsabiqəsi “Miss BRICS” 2027-ci ildə Hindistanda təşkil olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə layihənin təşkilatçıları müsabiqənin Kazan şəhərində keçirilən ilk yarışının yekunlarına əsasən məlumat veriblər.

Müsabiqənin prezidenti Dinara Salyaxova bildirib ki, təşkilatçılar bu yarışmanı hər il keçirməyi planlaşdırırlar və ev sahibliyi BRICS ölkələri arasında növbə ilə dəyişəcək.

Onun sözlərinə görə, müsabiqə ərzində iştirakçılar arasında unikal beynəlxalq icma formalaşıb və layihənin gələcəkdə davam etdirilməsi nəzərdə tutulur.

Növbəti yarışmaya ev sahibliyi etmək təşəbbüsü ilə müsabiqənin münsiflər heyətinin üzvü, “Mrs India 2025-2026” titulunun sahibi Rinima Borah çıxış edib. O, “Miss BRICS 2027” yarışmasının Hindistanda keçirilməsini səbirsizliklə gözlədiyini qeyd edib.

Qeyd edək ki, BRICS ölkələrinin ilk beynəlxalq gözəllik müsabiqəsi 1-8 mart tarixlərində Kazanda baş tutub. Yarışmada 17 ölkədən 49 iştirakçı iştirak edib. Bağlanış mərasimi “Kazan Expo” beynəlxalq sərgi mərkəzində keçirilib.