BAKI, 9 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus üç helikopter Livanın hava məkanına daxil olaraq ölkənin şərq bölgələri üzərində uçuşlar həyata keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Livanın "Al Manar" telekanalı məlumat yayıb.

Məlumata görə, helikopterlər Livanın hava məkanına Hermon dağı istiqamətindən daxil olub. Onların Suriya sərhədinə yaxın yerləşən Ərsal dağ silsiləsi üzərində uçduğu bildirilib.

Qeyd edək ki, martın 7-də İsrail xüsusi təyinatlılarının bir qrupu dörd helikopterlə Nəbi-Şit şəhəri yaxınlığındakı dağlıq əraziyə eniş edib. Əməliyyatın məqsədi 1986-cı ildə əsir düşmüş israilli pilot Ron Aradın qalıqlarını tapmaq və götürmək olub.

Məlumata görə, əməliyyat zamanı İsrail hərbçiləri “Hizbullah” qruplaşmasının döyüşçüləri tərəfindən qurulan pusquya düşüblər. Qrupun döyüş bölgəsindən çıxmasını təmin etmək üçün İsrail Hərbi Hava Qüvvələri Nəbi-Şit ərazisinə onlarla zərbə endirib.

Nəticədə 40-dan çox insanın həlak olduğu bildirilib.