BAKI, 5 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Beyrut beynəlxalq hava limanına gedən magistral yolda hərəkətdə olan iki avtomobilə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Livanın “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, avtomobillərdən birinin sükanı arxasında şiə hərəkatı olan “Hizbullah”ın raket silahlarına cavabdeh olan komandiri olub.

İkinci avtomobil isə şəhərin girişində yerləşən Kausar orta məktəbinin yaxınlığında vurulub.

Telekanalın məlumatına əsasən, hər iki hücumdan əvvəl İsrail ordusu Beyrutun cənub ətraflarına planlaşdırılan növbəti hava zərbələri barədə əhaliyə əvvəlcədən xəbərdarlıq edib. Bildirilib ki, aviazərbələr Harət-Horeyk məhəlləsini hədəf alacaq.

Qeyd olunub ki, son sutka ərzində İsrailin Livana endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub.

Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən başlayan hərbi eskalasiya dövründə ölənlərin sayı 72-yə, yaralananların sayı isə 437-yə çatıb.