BAKI, 5 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi bölgələrində yerləşən onlarla hava hücumundan müdafiə (HHM) qurğusuna genişmiqyaslı zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

Ordunun “Telegram” kanalında yayılan açıqlamada bildirilib ki, hücumlar zamanı rejimin ballistik raket sisteminə aid onlarla obyekt məhv edilib. Onların arasında buraxılış qurğuları və İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri üçün təhlükə yaradan bölgələrdə yerləşdirilmiş HHM sistemləri də var.

Qeyd olunub ki, bəzi raket buraxılış qurğuları İran tərəfindən istifadəyə hazırlanarkən məhv edilib.

Bundan əvvəl İsrail Müdafiə Ordusu Tehrana qarşı yeni zərbələr dalğasının başladığını açıqlamışdı.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisində, o cümlədən Tehranda yerləşən obyektlərə zərbələr endirməyə başlayıb. Buna cavab olaraq Tehran Yaxın Şərqdəki ABŞ hədəflərinə hücum edib.