BAKI, 4 mart. TELEQRAF
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ölkəsi ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarında iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, parlamentdə çıxış edən nazir Pistorius İrandakı hücumlarla bağlı deyib: "Almaniya bu müharibədə tərəf deyil. Almaniya Silahlı Qüvvələri bu müharibədə iştirak etməyəcək".
Pistorius ölkəsinin bölgədəki gərginliyin azaldılması və zorakılığın daha da yayılmasının qarşısının alınması üçün əlindən gələni edəcəyini bildirib.
Pistorius İsrailin hərəkətlərinin beynəlxalq hüquqa uyğun olub-olmamasına dair müzakirələrin vacibliyini qeyd edib: "Sabit beynəlxalq nizam yalnız ölkələr qanuna riayət etdikdə uzunmüddətli perspektivdə qorunub saxlanıla bilər. İsrail-Amerika hücumları İsraili məhv etmək istəyən bir rejimə qarşı yönəlib. Bu rejim illərdir, hətta onilliklərdir ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə zülm və terror tətbiq edir".