BAKI, 26 fevral. TELEQRAF

Almaniya kansleri Fridrix Merz Pekinə səfəri zamanı Çinlə tərəfdaşlıq və dialoqun gücləndirilməsinə çağırıb və iki ölkə arasında münasibətlərin yenidən qurulmasının vacibliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Merz kansler kimi Çinə ilk səfəri çərçivəsində, böyük biznes nümayəndə heyətinin müşayiəti ilə Çin sədri Si Cinpinlə görüşüb və Almaniyanın ötən il ən böyük ticarət tərəfdaşı olan Çinlə hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsini istədiyini bildirib. Si Cinpin də Merzin sözlərini alqışlayaraq, dünyada qeyri-sabitlik artdıqca Çin və Almaniya arasında strateji ünsiyyətin və qarşılıqlı etimadın gücləndirilməsinin vacib olduğunu deyib.

Səfər Avropa liderlərinin Vaşinqtonla münasibətlərdə yaranan gərginlik fonunda Çinlə əlaqələri möhkəmləndirməyə çalışdığı bir vaxta təsadüf edir. "Reuters" yazır ki, bu, iki illik tənəzzüldən sonra zəifləyən Almaniya iqtisadiyyatı üçün Çin bazarının əhəmiyyətini bir daha göstərir. Bununla yanaşı, Alman biznes dairələri strateji asılılıqların azaldılması, yəni risklərin azaldılması siyasəti barədə narahatlıqlarını da açıq şəkildə ifadə edirlər.

Merz bildirib ki, Çin şirkətləri Almaniyaya investisiyaları artırmalıdır, lakin hər iki tərəf riskləri də nəzərə almalıdır. O, ötən il Çinin əsas çiplər və nadir torpaq elementlərinin ixracına nəzarəti sərtləşdirməsindən sonra Alman istehsalçıların tədarük zəncirlərində problemlərlə üzləşdiyini xatırladıb.

Almaniya kansleri qeyd edib ki, ticarət kəsiri 2020-ci ildən bəri dörd dəfə artıb və ötən il 90 milyard avroya çatıb. Onun sözlərinə görə, bu əsasən Çində artıq istehsal gücü ilə bağlıdır və bu dinamika sağlam deyil.

Bununla belə, Çin tərəfi səfərin tərəfdaşlığın inkişafına “yeni impuls” verdiyini bildirib. Merz isə Çinin Avropa təyyarə istehsalçısı “Airbus”dan 120 təyyarə sifariş etdiyini açıqlayıb. Çin Dövlət Şurasının baş naziri Li Qianq avtomobil, kimya sənayesi, eləcə də süni intellekt və biotibb kimi yeni sahələrdə əməkdaşlığın genişləndirilməsini təklif edib və Almaniya şirkətlərinin Çində fəaliyyətinə dəstəyin artırılacağını deyib.

Məlumata görə, tərəflər iqlim dəyişikliyi, “yaşıl keçid”, heyvan xəstəliklərinin qarşısının alınması, quş əti məhsulları və idman sahəsində əməkdaşlığa dair bir neçə sənəd imzalayıblar. Merzi səfərdə “Volkswagen” və “BMW” də daxil olmaqla 30 Alman şirkətinin rəhbərləri müşayiət edib.