BAKI, 26 fevral. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Mariya Elvira Salazar Kuba sahilləri yaxınlığında baş vermiş silahlı insidentlə bağlı rəsmi Vaşinqtondan əlavə məlumat gözlədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə respublikaçı konqresmen "X" sosial şəbəkəsində paylaşım edib.
O bidirib ki, Florida ştatında qeydiyyatdan keçmiş sürətli katerə Kuba rejimi qüvvələrinin atəş açması ilə bağlı xəbərləri diqqətlə izləyir. Onun sözlərinə görə, hadisə nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb. Salazar vəziyyətin inkişaf etdiyini və ABŞ hakimiyyətindən əlavə məlumat gözlədiyini vurğulayıb.
Bundan əvvəl "Reuters" Kuba Daxili İşlər Nazirliyinə istinadən xəbər vermişdi ki, ABŞ bayrağı altında hərəkət edən və Floridadan gələn kater ada sularına daxil olub. Məlumata əsasən, göyərtədə olan şəxslər onlara yaxınlaşan kubalı hərbçilərə atəş açıblar, cavab olaraq qarşı tərəf də atəş açıb. Atışma nəticəsində dörd ABŞ vətəndaşı həlak olub, altı nəfər yaralanıb. Həmçinin Kuba sərhəd patrulunun komandiri də xəsarət alıb.