BAKI, 26 fevral. TELEQRAF

Vaşinqton administrasiyası Tehranla yalnız İranın nüvə proqramını deyil, həm də onun malik olduğu silahları, o cümlədən raketləri müzakirə etməyi zəruri hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

Marko Rubio Karib hövzəsində yerləşən Sent-Kits və Nevisdə səfərdə olarkən deyib ki, İran hazırda xüsusilə qısa mənzilli olmaqla çox sayda ballistik raketə malikdir. Onun sözlərinə görə, Tehran həmçinin ABŞ-nin gəmiçiliyinə təhlükə yaradan və ABŞ Hərbi Dəniz Qüvvələrini hədələməyə çalışan hərbi-dəniz qüvvələrinə də sahibdir. Dövlət katibi qeyd edib ki, nüvə proqramından əlavə, İranın bu adi silahları da var və bu məsələlər həll olunmalıdır.

Rubio bildirib ki, fevralın 26-da Cenevrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının növbəti raundu əsasən nüvə proqramına həsr olunacaq. Bununla belə, o vurğulayıb ki, İran ballistik raketlər mövzusunu nə ABŞ ilə, nə də digər tərəflərlə müzakirə etmək istəmir və bu, ciddi problemdir.

ABŞ-nin dövlət katibi, həmçinin, İran tərəfinin nüvə proqramının bəzi elementlərini bərpa etməyə çalışdığını iddia edib. Onun sözlərinə görə, hazırda İran zənginləşdirmə ilə məşğul olmasa da, gələcəkdə bunu edə bilmək üçün zəmin yaratmağa cəhd göstərir.