BAKI, 25 fevral. TELEQRAF
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin və Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar təşkil olunmuş anım tədbirində iştirak edib.
Teleqraf xəbər verir ki, Şamil Ayrım bu haqda "X" platformasında məlumat verib.
"26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində həyata keçirilmiş və insanlıq tarixində qara ləkə kimi qalmış Xocalı Soyqırımının 34-cü ilindönümüdür. Xocalıda qətlə yetirilmiş 613 günahsız insanı rəhmətlə anır, Azərbaycanlı qardaşlarımızın kədərini ürəyimizdə hiss edirik.
Xocalı yalnız Azərbaycanın deyil, bütün insanlığın ortaq vicdan yarasıdır. Türkiyə ilə Azərbaycanın “iki dövlət, bir millət” anlayışı ilə möhkəmlənən qardaşlığı, ədalətin, həqiqətin və tarixi yaddaşın ən güclü təminatıdır. Şəhidlərimizi rəhmətlə anır, əziz xatirələri önündə hörmətlə baş əyirəm.
Bu mənalı proqramın həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.
Ədalət bərqərar olana qədər Xocalının səsi olmağa davam edəcəyik".