BAKI, 25 fevral. TELEQRAF
Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzora imic mülahizələri ilə at minmək qadağan edilib.
Teleqraf xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Məlumata görə, ötən həftə amerikalı maliyyəçi Cefri Epşteynlə əlaqəsi ilə bağlı saxlanılaraq polis tərəfindən dindirildikdən sonra Endryu Mauntbatten-Vindzorun hobbilərindən biri də məhdudlaşdırılıb. Mənbə bildirir ki, kral ailəsinə yaxın məsləhətçilər bunu Sufolk qraflığının şərqində yerləşən Sandrinqem malikanəsində fotojurnalistlərin daim olduğu bir vaxtda mənfi imicdən qaçmaq məqsədi ilə tövsiyə ediblər. Qəzetin mənbəsinin sözlərinə görə, onu Vindzorda olduğu kimi, at üstündə gülümsəyən və rahat vəziyyətdə görmək yaxşı təsir bağışlamaz.
Mauntbatten-Vindzor daha əvvəl könüllü şəkildə silahdan istifadə lisenziyasından imtina edib və bununla da ov etmək imkanını itirib. Yazıda qeyd olunur ki, 66 yaşlı keçmiş şahzadə fevralda Vindzor qalası ərazisindəki Royal Lodge iqamətgahından Sandrinqemdə yerləşən Wood Farm kottecinə köçüb və demək olar ki, günlərini orada keçirir. Bildirilir ki, o, vaxtını mərhum anası kraliça II Elizabetə məxsus olmuş iki korgi və beş norfolk-teryer iti ilə keçirir.
Qeyd edək ki, Mauntbatten-Vindzor fevralın 19-da – ad günündə saxlanılaraq polisə aparılıb və dindirilib. O, ticarət üzrə xüsusi nümayəndə vəzifəsində çalışarkən Epşteynə məxfi məlumatlar ötürməkdə şübhəli bilinir. Sonradan ona ittiham irəli sürülmədən sərbəst buraxılıb, araşdırma davam edir. Fevralın 24-də polis onun Vindzordakı keçmiş kottecində aparılan axtarışların başa çatdığını bildirib.
Xatırladaq ki, 2019-cu ildə Epşteyn işi ilə bağlı qalmaqaldan sonra Endryu rəsmi kral vəzifələrindən imtina etməyə məcbur olmuş, fəxri hərbi rütbələrindən və bir sıra ictimai təşkilatların himayədarı statusundan məhrum edilmişdi. 2025-ci ildə isə doğulduğu zaman ona verilmiş “şahzadə” titulundan da məhrum edilib.
Əlavə olaraq qeyd olunur ki, Epşteyn 2019-cu ilin iyulunda Nyu-York ştatında saxlanılmış, 2002–2005-ci illərdə Manhettendəki evinə azyaşlı qızların gətirilməsini təşkil etməkdə ittiham olunmuşdu. Cinayət təqibi həmin ilin avqustunda onun həbsxanada intihar etməsindən sonra dayandırılıb.