BAKI, 25 fevral. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi süni intellekt texnologiyaları hazırlayan “Anthropic” şirkətindən məhsullarının hərbi məqsədlərlə istifadəsinə qoyulan məhdudiyyətləri fevralın 27-dək aradan qaldırmağı tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, ABŞ müdafiə naziri Pit Heqset “Anthropic”in baş icraçı direktoru Dario Amodeyə cümə axşamı axşamadək şirkətin süni intellekt modelinə hərbçilər üçün məhdudiyyətsiz çıxış təqdim etmək üçün vaxt verib. Əks halda, şirkəti ciddi nəticələrin gözlədiyi bildirilir.

"Axios"un məlumatında qeyd olunur ki, görüş zamanı Pentaqon rəhbəri ya “Anthropic”lə əməkdaşlığın dayandırılacağını, ya da 1950-ci il tarixli Müdafiə İstehsalı Qanununun tətbiq ediləcəyini bildirib. Həmin qanun federal hakimiyyət orqanlarına özəl şirkətlərin məhsullarının istehsalı və paylanmasına birbaşa müdaxilə imkanı verir.

Şirkət isə bəyan edib ki, Pentaqon üçün istifadə siyasətini dəyişməyə hazırdır, lakin öz texnologiyalarının ABŞ vətəndaşlarına qarşı kütləvi nəzarət məqsədilə və ya insan-operatorun sanksiyası olmadan atəş aça bilən silahların hazırlanmasında istifadəsinə icazə verməyəcək.

Qeyd olunur ki, hazırda ABŞ Müdafiə Nazirliyi “Anthropic”lə əməkdaşlığın dayandırılması variantını da nəzərdən keçirir. Pentaqon süni intellekt sahəsində işləyən tərəfdaş şirkətlərin hazırladıqları texnologiyaların bütün qanuni məqsədlər üçün istifadə oluna bilməsini tələb edir. Bu məqsədlərə hərbi əməliyyatların aparılması və kəşfiyyat məlumatlarının toplanması da daxildir.

Xatırladaq ki, “The Wall Street Journal” qəzeti fevralın 13-də mənbələrə istinadən yazıb ki, Pentaqon Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyat zamanı “Anthropic”in Claude adlı süni intellekt modelindən istifadə edib. Halbuki şirkət bu texnologiyanın zorakılığa dəstək məqsədilə tətbiqinə qadağa qoymuşdu.