BAKI, 25 fevral. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Konqresin Senat və Nümayəndələr Palatası qarşısında edəcəyi çıxışında İranla növbəti danışıqlar raundunun əhəmiyyətini qeyd edəcək və Tehrandan konkret addımlar gözlədiyini vurğulayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Kanalın əməkdaşı Bret Bayer "X" sosial şəbəkəsində yazıb ki, Vaşinqton administrasiyasının rəhbəri bundan əvvəl Ağ Evdə televiziya aparıcıları ilə görüş keçirib və həmin görüşdə prezidentin bir neçə saat sonra Konqresin hər iki palatası qarşısında çıxışında toxunacağı mövzular barədə məlumat verilib. Onun sözlərinə görə, Donald Tramp İranla bağlı bildirib: “Cümə axşamı Cenevrədə mühüm danışıqlar olacaq. İran razılaşma əldə etmək istəyir. Amma İran sadəcə ‘biz nüvə silahı yaratmayacağıq’ kimi sözlərlə kifayətlənə bilməz”.

Xatırladılır ki, yanvar ayında Ağ Ev İrana qarşı güc tətbiqinin ciddi şəkildə nəzərdən keçirildiyini bəyan etmişdi. Vaşinqton o zaman Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” saziş bağlayacağına ümid etdiyini açıqlamışdı.

Fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə dosyesi üzrə danışıqların ikinci raundu keçirilib. İran Xarici İşlər Nazirliyi bəzi məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu və bunun gələcək saziş layihəsinə salına biləcəyini bildirib. Vaşinqton isə məsləhətləşmələrin yaxşı keçdiyini açıqlasa da, Tehranın Ağ Evin irəli sürdüyü bəzi mövqeləri hələ qəbul etmədiyini qeyd edib.

Qeyd olunur ki, İsrail və ABŞ daha əvvəl İranın təkcə nüvə proqramından deyil, həm də ballistik raketlərin istehsalından və Yaxın Şərqdə proiran qüvvələrə dəstəkdən imtina etməsində israr ediblər. Gözlənilir ki, İran və ABŞ nümayəndə heyətlərinin növbəti görüşü fevralın 26-da Cenevrədə keçiriləcək.