BAKI, 25 fevral. TELEQRAF

Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Teleqraf xəbər verir ki, öncə ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Onlara tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

***

13:42

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə kəndə 115 nəfərdən ibarət 30 ailə qayıdıb.

***

06:35

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 115 nəfərdən ibarət 30 ailə köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.