BAKI, 25 fevral. TELEQRAF

ABŞ Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ( BMT BA ) Rusiya əleyhinə qətnamə ilə bağlı səsvermədə bitərəf qalıb.

Teleqraf xəbər verir ki, sənəd Ukrayna tərəfindən hazırlanıb və bir neçə Avropa ölkəsi onu birgə maliyyələşdirib. Qətnamənin əleyhinə 12 ölkə, lehinə 107 ölkə səs verib, 51 ölkə isə bitərəf qalıb. Bitərəf qalan ölkələr arasında ABŞ, Serbiya, Braziliya, Özbəkistan və digərləri də var.

Rusiya sənədin əleyhinə səs verib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva BMT Baş Assambleyasının tribunasından bildirib ki, qətnamə münaqişənin mürəkkəbliyini nəzərə almır, BMT Nizamnaməsinin normalarını birtərəfli şəkildə şərh edir və danışıqlara maneələr yaradır. O iddia edib ki, əgər Kiyev uzunmüddətli sülhə nail olmaqda həqiqətən maraqlıdırsa, siyasiləşdirilmiş səsvermə təşəbbüsü ilə çıxış etməkdənsə, qarşılıqlı məqbul həllər tapmağa, davamlı təhlükəsizlik zəmanətlərinin hazırlanmasına səy göstərməlidir.