BAKI, 19 fevral. TELEQRAF
Böyük Britaniya ABŞ-yə İrana zərbə endirmək üçün hərbi bazalarından istifadə etməyə icazə verməyib.
Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Vaşinqton Tehrana qarşı hərbi əməliyyatlar üçün ətraflı planlar hazırlayır. Bu planlara Hind okeanındakı Britaniya-Amerika birgə hərbi bazalarından istifadə də daxil idi. Lakin London buna hələlik razılıq verməyib, çünki ABŞ-nin İrana zərbəsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər.
“The Times” qəzeti qeyd edir ki, Britaniya hökumətinin bu mövqeyi ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib. O, fevralın 18-də Böyük Britaniya ilə Mavriki arasında Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsini nəzərdə tutan müqaviləni tənqid edib. Keçən il mayın 22-də imzalanan müqavilə hələ parlament tərəfindən təsdiqlənməyib. Bu müqavilə Dieqo Qarsiyadakı Britaniya-Amerika bazasının 99 il müddətində saxlanılmasını nəzərdə tutur. Böyük Britaniya Mavrikiyə hər il 100 milyon funt sterlinqdən (135 milyon dollar) çox pul ödəyəcək, eyni zamanda xarici təhlükəsizlik qüvvələrinin xarici adalarda olmasını qəti şəkildə qadağan edəcək.
Tramp "Truth Social" sosial şəbəkəsində Britaniya Baş naziri Keir Starmerin Mavriki arxipelaqını təhvil verməklə böyük səhv etdiyini bildirib və bazanın nəzarətini təhlükəyə ata biləcək addımlar atmamalı olduğunu vurğulayıb.
ABŞ Prezidenti həmçinin Vaşinqtonun İrandan mümkün təhlükənin qarşısını almaq üçün Dieqo Qarsiya bazasından istifadə etməli ola biləcəyini də istisna etməyib .
Çaqos əvvəllər Britaniya müstəmləkəsi olan Mavriki ərazisinin bir hissəsi idi, lakin 1965-ci ildə London arxipelaqı ayrıca inzibati ərazisi edib. 1968-ci ildə Mavriki müstəqil olsa da, Çaqos Britaniya hakimiyyətinin nəzarətində qaldı. 1966-cı ildə ABŞ Dieqo Qarsiyanı icarəyə götürdü və orada hava bazası qurdu və arxipelaqın bütün sakinlərini (1500 nəfər) oradan qovdu.
2017-ci ildə Mavriki Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib və 2019-cu ilin fevral ayında ölkənin iddiaları təmin edilib. Starmerin sözlərinə görə, Çaqosun Mavrikiyə təhvil verilməsi bazanın davamlı fəaliyyətini təmin edəcək.