BAKI, 17 fevral. TELEQRAF
Ekvadorda həbsxanalarda ölüm halları yenidən artıb.
Teleqraf xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, Prezident Daniel Noboanın təhlükəsizlik strategiyasına baxmayaraq, Ekvadorda həbsxanalarda ölüm halları yenidən kəskin artıb.
Agentliyin Daxili İşlər Nazirliyindən əldə etdiyi rəqəmlərə əsasən, 2025-ci ildə məhbus ölümlərinin sayı əvvəlki illə müqayisədə təxminən dörd dəfə yüksəlib. Bildirilir ki, təkcə ötən il 1 220 məhbus həyatını itirib, onlardan azı 206-sı zorakılıq nəticəsində ölüb.
Ölümlərin artması həm zorakılıq halları, həm də vərəm daxil olmaqla xəstəliklərin yayılması ilə əlaqələndirilir. Hökumət həbsxanalarda sıxlığın mövcud olduğunu etiraf edir və problemin həlli üçün tədbirlər görüldüyünü bildirir.