BAKI, 15 fevral. TELEQRAF

G7 ölkələrinin xarici işlər nazirləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bəyənat yayıb.

G7 ölkələri həmçinin siyasi, humanitar məsələləri, eləcə də İsrail, Qəzza zolağı, Livan, Suriya və İranı əhatə edən təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bəyanatda vurğulanır ki, nazirlik rəhbərləri İsrail və radikal HƏMAS hərəkatı arasında atəşkəs rejiminin tam icrasına sadiqliyi təsdiqləyiblər. Görüşdə İranın nüvə proqramı ilə bağlı məsələlər də müzakirə olunub.

Həmçinin, G7 nazirləri Hind-Sakit Okean regionunda vəziyyəti, o cümlədən Koreya yarımadasının denuklearizasiyası və Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq məsələlərini də gündəmə gətiriblər.