BAKI, 15 fevral. TELEQRAF

Fransanın paytaxtı Parisdə Avropa İttifaqının rəqəmsal platformalar və internet resurslarına nəzarət siyasətinə qarşı etiraz aksiyası keçirilib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, yüzlərlə insan Eyfel qülləsi yaxınlığındakı Jak Rüeff meydanına toplaşıb.

Aksiyanı təşkil edən “Patriotlar” partiyasının lideri Florian Filippo bildirib ki, Aİ və Fransa Prezidenti Emmanuel Makron prezident seçkiləri ərəfəsində senzuranı gücləndirməyə çalışırlar. Onun sözlərinə görə, rəqəmsal pasportun tətbiqi və Rəqəmsal Xidmətlər Aktı (DSA) söz azadlığını məhdudlaşdırmaq məqsədi daşıyır.

Filippo vurğulayıb ki, rəqəmsal platformalara və sosial şəbəkələrə nəzarətin sərtləşdirilməsi hakimiyyətin iddia etdiyi kimi uşaqları qorumaq üçün deyil, ifadə azadlığını məhdudlaşdırmaq üçündür. O hesab edir ki, DSA və digər məhdudlaşdırıcı tədbirlər seçkilərə müdaxilə aləti kimi istifadə oluna bilər.

Partiya lideri Rumıniyada 2024-cü ilin sonunda keçirilən prezident seçkilərinin ilk turunun nəticələrinin ləğv edilməsini misal çəkərək, bunun Aİ və NATO əleyhinə mövqedə olan namizədin qələbəsinin qarşısını almaq üçün edildiyini iddia edib. Filippo çıxışında Fransanın Aİ-dən çıxmasını təklif edib.