BAKI, 15 fevral. TELEQRAF

"Drujba" neft kəməri zədələnməyib və istismara tam hazırdır. Rusiyadan Macarıstana neft nəqlinin dayandırılması yalnız Ukrayna rəhbərliyinin siyasi qərarı ilə bağlıdır.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

Nazir Ukrayna ərazisindən Slovakiya və Macarıstana neft tədarükünün dayandırılması məsələsinə münasibət bildirərkən qeyd edib ki, son zərbələr nəticəsində kəmər zədələnməyib:

"Kəmərin ətrafındakı infrastrukturun zədələnməsi onun fəaliyyəti üçün maneə deyil. O, texniki cəhətdən tədarükü bərpa etməyə hazırdır. Deməli, işin dayanmasının yeganə səbəbi siyasi amillərdir".

Xatırladaq ki, P.Siyarto daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskini ittiham edib. Onun sözlərinə görə, rəsmi Kiyev qarşıdan gələn parlament seçkiləri ərəfəsində Macarıstan hökumətinə çətinlik yaratmaq məqsədilə Rusiyadan "Drujba" kəməri vasitəsilə gələn neftin qarşısını kəsib.