BAKI, 4 aprel. TELEQRAF
Ankaranın Kahramankazan rayonunda avtobusun yerüstü keçidin dayağına çırpılması nəticəsində baş verən qəzada 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, əraziyə çoxsaylı təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib. Tamamilə yararsız hala düşən nəqliyyat vasitəsində sıxışıb qalan sərnişinlər xilasedicilərin müdaxiləsi ilə çıxarılıb.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Həlak olan 5 nəfərin meyiti isə müvafiq ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.
Faktla bağlı araşdırma başlanılıb. Səlahiyyətli qurumlar hadisənin bütün təfərrüatlarının araşdırıldığını bildiriblər.