BAKI, 14 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyada Medicare və Medicaid Xidmətlərinin rəhbəri vəzifəsini icra edən doktor Mehmet Öz 2016-cı ildə məhkum edilmiş seks cinayətkarı Cefri Epşteyni Sevgililər Günü məclisinə dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə istinadla “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Ədliyyə Nazirliyi Konqresin ikipartiyalı qərarına uyğun olaraq son həftələrdə Epşteynlə bağlı milyonlarla sənədi açıqlayıb. Bu sənədlər siyasət, maliyyə, biznes və akademiya sahələrində tanınmış şəxslərin Epşteynlə əlaqələrinə dair yeni detalları üzə çıxarıb.

Öz televiziya ulduzu-həkim kimi tanındığı dövrdən təxminən on il sonra, Epşteynə qarşı ilk cinsi cinayət ittihamlarının 2006-cı ilin iyulunda ictimailəşməsindən xeyli vaxt keçməsinə baxmayaraq, ona dəvət göndərib. Epşteyn 2019-cu ildə Nyu-Yorkda saxlanıldığı vaxt seks alveri ittihamları üzrə məhkəməni gözləyərkən intihar edib.

Sənədlərdə yer alan 1 fevral 2016-cı il tarixli elektron məktub Öz və həyat yoldaşı Liza Öz adından Epşteynə göndərilib və mövzu hissəsində “Mehmet və Liza Özun Sevgililər Günü tədbiri” qeyd olunub. Məktubda rəqəmsal dəvətə keçid linki də yer alıb. Məlumatda bildirilir ki, Öz Epşteyn işi ilə bağlı hər hansı qanun pozuntusunda ittiham olunmur. ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti isə mövzu ilə bağlı şərh sorğusuna cavab verməyib.

Sənədlərdə Özün adı başqa yazışmalarda da keçir. Belə ki, 1 yanvar 2016-cı il tarixli, Özün adına açılmış hesabdan Epşteynə göndərilən məktubun mövzu hissəsində “Dr. Öz” yazılıb, lakin mətn hissəsi tam şəkildə məxfiləşdirilib. Həmçinin, profilaktik tibb üzrə tədqiqat institunun rəhbəri Din Ornişin 2014-cü ildə təşkil etdiyi və Özün məruzəçi olduğu tədbirə Epşteyni dəvət etdiyi, lakin onun həmin tədbirdə iştirak edə bilmədiyi qeyd olunur. Özün adı 2012-ci ilə aid başqa bir elektron məktubda da tədbirə dəvət olunanların siyahısında çəkilir.

“Reuters” xatırladır ki, 65 yaşlı Mehmet Öz ürək-damar cərrahı və televiziya siması kimi ABŞ-də geniş tanınıb və “The Dr. Oz Show” proqramını on ildən artıq müddətdə apararaq tibbi məsləhətləri ilə məşhurlaşıb.