BAKI, 14 fevral. TELEQRAF

Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi münaqişənin gərginləşməsinə səbəb olacaq.

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib.

Makron Ukrayna konfrans iştirakçılarından birinin Ukraynaya Avropa qoşunlarının göndərilməsi planları ilə bağlı sualına cavab olaraq bildirib ki, əgər hazırkı vəziyyətdə Ukrayna ərazisinə qoşun yeridilsə, gərginliyin artmasına görə məsuliyyəti Avropa öz üzərinə götürəcək.

Makron həmçinin Avropada bu məsələ ilə bağlı fikir birliyinin olmadığını vurğulayıb: "Bu gün fikir birliyi yoxdur və yerinə yetirə bilməyəcəyim vədlər vermək istəmirəm. Üstəlik, inanıram ki, bu, vəziyyət üzərində nəzarətin itirilməsinə səbəb ola bilər".

Onun sözlərinə görə, Avropa ilk gündən Ukraynaya kömək etmək qərarına gəlib, eyni zamanda Rusiya ilə gərginləşmə prosesində iştirak etməkdən imtina edib.

"Rusiya ərazisinə zərbə endirməmək və ya quru qüvvələri yeritməmək qərarına gəlmişik. Biz bu çərçivədə fəaliyyətimizi davam etdiririk", - deyə Makron bildirib.