BAKI, 12 fevral. TELEQRAF

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Moskvanın 2026-cı ildə Almaniyada uzaqmənzilli raketlərin yerləşdirilməsi məsələsini ABŞ ilə dialoq çərçivəsində müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Aleksandr Qruşko bu barədə “İzvestiya” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Rusiya heç vaxt danışıqlardan yayınmayıb. ABŞ-nin Orta və Kiçik Mənzilli Raketlər haqqında Müqavilədən çıxmasından sonra Moskva bu tip sistemlərin yerləşdirilməsinə moratorium elan edib və Avropada Amerika raketləri peyda olana qədər onları yerləşdirməyəcəyini bəyan edib.

Qruşko qeyd edib ki, Rusiyanın mövqeyi dəfələrlə ABŞ tərəfinə çatdırılıb və Avropa ölkələrinə də məlumdur. Bununla yanaşı, o, Avropada militarist əhval-ruhiyyənin üstünlük təşkil etdiyini vurğulayıb. Diplomat Avropanın hazırkı addımlarını Rusiyaya qarşı təhlükəsizlik qurmaq cəhdi kimi qiymətləndirib və belə siyasəti “çıxılmaz yol” adlandırıb. Onun fikrincə, təhlükəsizlik başqalarının hesabına qurula bilməz.