Ukrayna Prezidenti Volodimir Zelenski hökumətə ölkədə seçkilərin keçirilməsi üçün göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin müavini İrina Mudra "The Times" qəzetinə bildirib.

"Biz seçkilərin keçirilməsinə hazır olmaq istəyirik. Parlament seçki qanunvericiliyinə düzəlişlər hazırlamaq üçün işçi qrupu yaradıb və fevral ayının sonuna qədər nəticələrini açıqlamalıdır", - deyə Mudra qeyd edib.

Prezident Aparatı rəhbərinin müavininin sözlərinə görə, düzəlişlər hərbi vəziyyət şəraitində səsvermənin "birdəfəlik istisna" kimi keçirilməsinə imkan verməlidir: "Bu, gələcək seçkilərin legitimliyinə xələl gətirməməlidir. Hələ də aradan qaldırılmalı olan böyük çətinliklər var. Altı ilə səkkiz milyon arasında ukraynalı xaricdə yaşayır və biz onların səsvermə hüquqlarına hörmət edilməsini və qorunmasını təmin etməliyik. Rusiya tərəfindən işğal edilmiş və cəbhə xətti ərazilərində yaşayan sakinlərin səs vermək hüququ olmalıdır. Ən vacib məsələ səsvermə zamanı Rusiyanın atəşkəsə razılığıdır".