BAKI, 11 fevral. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi Venesuela nefti ilə əməliyyat şərtlərini sərtləşdirərək Rusiya və bir sıra digər ölkələrlə hər hansı əməliyyatı rəsmi olaraq qadağan edib.

Teleqraf xəbər verir ki, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən yeni lisenziyalara görə, Venesuela dövlət neft şirkəti PDVSA sanksiyalar altında olan ölkələrlə əməkdaşlıq edə bilməz.

ABŞ Dövlət Departamenti tərəfindən verilən lisenziya səlahiyyətli ABŞ qurumlarına Venesuela neftini ixrac etməyə, təkrar ixrac etməyə, nəql etməyə və emal etməyə icazə verir.

Bütün icazələrin əsas şərti Rusiya, İran, Şimali Koreya və Kuba, eləcə də onların nəzarətində olan qurumlarla əməliyyatların aparılmasına açıq şəkildə qadağa qoyulmasıdır. Bundan əlavə, müqavilələr ABŞ qanunvericiliyi ilə tənzimlənməlidir.

Bu məhdudiyyətlər Rusiyanın Venesuelaya yatırdığı investisiyalara təsir edəcək. "Reuters" agentliyinin məlumatına görə, bu investisiyalar təxminən 17 milyard dollar təşkil edir və neft yataqlarındakı payları da əhatə edir. 2010-cu illərin ortalarında Rosneft PDVSA ilə beş birgə müəssisə yaradıb. 2020-ci ildə Venesuela şirkəti sanksiyalara məruz qaldıqda, Rosneft Venesuela aktivlərindən çıxdığını elan edib, lakin onu Roszarubezhneft ASC əvəz edib.