BAKI, 11 fevral. TELEQRAF

Afrika əhalisinin təxminən 20%-nin və ya 300 milyondan çoxunun içməli suya çıxışı yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini və BMT-nin Afrika İqtisadi Komissiyasının icraçı katibi Klaver Qeyt Afrika İttifaqı İcraiyyə Şurasının Əddis-Əbəbədə keçirilən 48-ci sessiyasının açılışında deyib. Onun çıxışı təşkilatın veb saytında yayımlanıb.

BMT Baş katibinin müavini bildirib ki, Afrikada 300 milyondan çox insan hələ də təhlükəsiz içməli suya çıxışdan məhrumdur: "Bu da vəba, ishal və tif kimi xəstəliklərin insanların həyatına son qoymasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrika bölgəsində hər saat təxminən 115 nəfər qarşısı alına bilən xəstəliklərdən ölür. Zəif su təchizatı və anti-sanitariya səhiyyə xərclərini artırır və investisiya qoyuluşuna mane olur. Zavodlar etibarlı su təchizatına, kənd təsərrüfatı müəssisələri suvarmaya, şəhərlər isə sanitariya sistemlərinin effektiv işləməsinə ehtiyac duyur. Etibarlı su sistemləri olmadan sənaye zonaları rəqabətə davamlı qala bilməz, logistika mərkəzləri effektiv şəkildə genişlənə bilməz və şəhər iqtisadiyyatları davamlı inkişaf edə bilməz”.