BAKI, 6 fevral. TELEQRAF

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketinin təfərrüatını açıqlayıb.

Teleqraf xəbər verir ki, sənəddə Rusiya neftinin tədarükü ilə bağlı dəniz xidmətlərinin tamamilə qadağan edilməsi, eləcə də təkərlər, traktorlar və kiberxidmətlər də daxil olmaqla, Rusiyaya 360 milyon avrodan çox dəyərində mal və xidmətlərin ixracına məhdudiyyətlərin sərtləşdirilməsi nəzərdə tutulur.

Daha 43 gəmi məhdudiyyətlərə məruz qalacaq və bununla da ümumi sayı 640-a çatacaq. Aİ mayeləşdirilmiş təbii qazın idxalına qoyulan mövcud qadağaya əlavə olaraq, "kölgə donanması" üçün tankerlərin alınmasını məhdudlaşdırmağı və buzqıran gəmilərin, mayeləşdirilmiş təbii qaz tankerlərinin texniki xidmətini qadağan etməyi planlaşdırır.

Bundan əlavə, sanksiyalar kriptovalyutalarla əlaqəli Rusiyanın 20 regional bankına, şirkətinə və platformalarına, eləcə də sanksiya tətbiq edilən malların qanunsuz ticarətində iştirak edən bir sıra xarici banklara təsir edəcək.

Sanksiyalara həmçinin 570 milyon avrodan çox dəyərində metalların, kimyəvi maddələrin və əsas mineralların idxalına qadağa, partlayıcı maddələrin ixracına məhdudiyyətlər və idxalı azaltmaq üçün ammonyak kvotalarının tətbiqi daxildir.

“Bloomberg” və “Politico”nun məlumatına görə, sanksiyalar 24 fevrala qədər istənilən vaxt tətbiq oluna bilər.