BAKI, 5 fevral. TELEQRAF
İsrailin Kiryat-Yam şəhərində avtomobilin partlaması nəticəsində azı bir nəfər ölüb, daha iki nəfər isə ağır xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti Rambam tibb mərkəzinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 4-ü axşam saatlarında baş verib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tüstülənən avtomobili və onun yaxınlığında uzanan üç nəfəri aşkarlayıblar.
Xəstəxanadan bildirilib ki, partlayış nəticəsində bir kişi və bir yeniyetmə çoxsaylı xəsarətlərlə ağır vəziyyətdə hospitala yerləşdirilib. Daha bir zərərçəkən isə sonradan xəstəxanada dünyasını dəyişib.
Qəzetin yazdığına görə, partlayışın səbəbi hələlik məlum deyil. İsrail polisi avtomobilin yaxınlığında yerləşdirilmiş bombanın vaxtından əvvəl partlaması ehtimalını araşdırır.