BAKI, 4 fevral. TELEQRAF
ABŞ Maliyyə Nazirliyi Venesuelaya neftin durulaşdırılması üçün Amerika mənşəli xammalın tədarükünə icazə verib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun saytında dərc olunan ümumi lisenziyada bildirilib.
Sənədə əsasən, Vaşinqtonun daha əvvəl tətbiq etdiyi sanksiyalara baxmayaraq, Amerika mənşəli durulaşdırıcıların Venesuelaya ixracı, reeksportu, satışı, yenidən satışı, tədarükü, saxlanması, marketinqi, çatdırılması və daşınması ilə bağlı əməliyyatlara icazə verilir. Bu, xüsusilə Venesuelanın dövlət neft şirkəti və ölkə hakimiyyət orqanları ilə bağlı əməliyyatlara aiddir. Qeyd olunur ki, bütün bu əməliyyatlar ABŞ qanunvericiliyinə uyğun tənzimlənməli və mümkün mübahisələr ABŞ-də araşdırılmalıdır.
Lisenziya Venesuela hakimiyyət orqanları tərəfindən bu tədarüklərə görə ödənişlərin həyata keçirilməsinə də icazə verir. Sənəd İran, Şimali Koreya və Kuba ilə bağlı hüquqi və fiziki şəxslərə, eləcə də onların nəzarətində olan strukturlara şamil edilmir. Eyni zamanda, ödəniş şərtləri kommersiya baxımından əsaslandırılmayan, borc öhdəliklərinin dəyişdirilməsini nəzərdə tutan, qızıl ilə ödənişləri və ya hesablaşmaların rəqəmsal valyutalar, o cümlədən kriptovalyutalar vasitəsilə aparılmasını əhatə edən sövdələşmələrə icazə verilmir. ABŞ Maliyyə Nazirliyi həmçinin sanksiya altında olan gəmilərlə bağlı istənilən əməliyyatları qadağan edir.
Sənədə görə, Venesuelaya Amerika mənşəli xammal tədarük edən tərəflər bu barədə mütəmadi olaraq Vaşinqton administrasiyasına hesabat təqdim etməlidirlər.
Qeyd edək ki, Venesuelada hasil edilən ağır neftin durulaşdırılması üçün əsasən yüngül neft və naftadan istifadə olunur.
Xatırladaq ki, yanvarın sonunda ABŞ hakimiyyəti Amerika şirkətlərinə Venesuelanın neft sektoru ilə bağlı bəzi əməliyyatlara da icazə vermişdi. Həmin yumşaldılma Rusiya, İran, Çin, Şimali Koreya və Kuba ilə əlaqəli şəxslərə şamil edilmirdi..