BAKI, 20 yanvar. TELEQRAF

Çili hakimiyyəti genişmiqyaslı meşə yanğınları nəticəsində 19 nəfərin həlak olduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, sürətlə yayılan yanğınlar ölkədə hökm sürən ekstremal isti hava və güclü küləklər fonunda baş verib.

Hökumət əhalinin kütləvi təxliyəsini təşkil edib və hazırda yaşayış məntəqələrinə yaxınlaşan 30-dan çox aktiv yanğın ocağı ilə mübarizə aparılır.

Ölkənin təhlükəsizlik naziri Luis Kordero bildirib ki, gecə saatlarında hava şəraitində müvəqqəti yaxşılaşma müşahidə olunsa da, ən iri yanğınlar hələ də söndürülməyib.

Məlumata əsasən, vəziyyət əlverişsiz meteoroloji proqnozlarla daha da çətinləşir. Çilinin mərkəzi və cənub bölgələrində ekstremal isti ilə bağlı xəbərdarlıq elan edilib. Sinoptiklər havanın temperaturunun +37 dərəcəyədək yüksələcəyini proqnozlaşdırır ki, bu da yeni yanğın ocaqlarının yaranması riskini artırır.