BAKI, 15 yanvar. TELEQRAF

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ABŞ-nin Ankaradakı səfiri Tomas Barrak ilə Prezident Külliyəsində İran və Suriyadakı son prosesləri müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Cevdet Yılmaz "X"də paylaşım edib.

O qeyd edib ki, keçirilən görüşdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və əməkdaşlığın konkret sahələrdə dərinləşdirilməsi məsələlərinə də toxunulub:

"Görüşdə iqtisadi və ticarət əlaqələrimizin inkişafı, müdafiə sənayesi və xüsusilə, CAATSA sanksiyaları başda olmaqla gündəmdə olan mövzuları ətraflı şəkildə nəzərdən keçirdik. Bununla yanaşı, İran və Suriyadakı son proseslər, eləcə də Qəzza sülh planının ikinci mərhələsi çərçivəsində regional və qlobal məsələlərə dair fikir mübadiləsi apardıq. Səmərəli töhfələrinə və ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi iradəyə görə Tom Barraka təşəkkürümü bildirirəm".