BAKI, 13 yanvar. TELEQRAF

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı yaxınlığında neft daşıyan iki tankerə dronların hücum etməsi barədə məlumatları təsdiqləyib.

Teleqraf xəbər verir ki, bəyanat nazirliyin Telegram kanalında dərc edilib .

Məlumatına görə, "Matilda" gəmisi Malta bayrağı, "Delta Harmony" isə Liberiya bayrağı altında üzürdü .

Energetika Nazirliyi bildirib ki, birinci tankerdə partlayış baş verib, amma yanma baş verməyib. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Texniki xidmətlərin ilkin qiymətləndirməsinə əsasən, tanker dənizə yararlı olaraq qalır və hazırda gövdədə ciddi zədələnmə əlamətləri aşkar edilməyib".

İkinci tanker isə yüklənmə zamanı hücuma məruz qalıb. Hücum nəticəsində yanğın baş verib, yanğın tez bir zamanda söndürülüb. Ekipaj arasında xəsarət alan olmayıb.

Yanvarın 13-də Rusiyanın Novorossiysk limanında Xəzər Boru Kəməri Konsorsiumu terminalında iki neft tankeri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Məlumata əsasən, "Delta Harmony" tankeri "Tengiz" yatağından neft yükləməli idi.

PUA-ların hücumuna məruz qalan "Matilda" tankeri isə "Karçaqanak" yatağından neft yükləməyi planlaşdırırdı.