BAKI, 8 yanvar. TELEQRAF
Rusiyada general-leytenant İqor Kirillovun qətli üçün istifadə edilən özəl hazırlanmış partlayıcı qurğunun tərkib hissələri bir neçə reys avtobusu sürücüsü vasitəsilə Moskvaya çatdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a məhkəmə prosesinin iştirakçılarından biri məlumat verib.
Məlumata görə, partlayıcı qurğunun komponentləri olan bağlama bir sürücüdən digərinə ötürülüb. Avtobus sürücüləri bağlamanın real məzmunundan və planlaşdırılan cinayətdən xəbərsiz olublar. Onlar cinayət işi üzrə şahid qismində keçirlər.
Qeyd olunub ki, bağlama general Kirillov və onun köməkçisi mayor İlya Polikarpovun qətlində istifadə edilən partlayıcının hazırlanması üçün nəzərdə tutulub.
Moskvanın Basmannı Rayon Məhkəməsi partlayıcı qurğunun tərkib hissələrinin Varşavadan Moskvaya çatdırılmasını koordinasiya etməkdə şübhəli bilinən Andrey Gedzik, Saidakbar Qulomov, eləcə də terror aktının kuratoru Mirjalol Odilov barəsində qiyabi həbs qərarı çıxarıb. Həmin şəxslər beynəlxalq axtarışa verilib və terrorçularla ekstremistlərin siyahısına daxil ediliblər. Onlarla bağlı cinayət işi ayrıca icraata ayrılıb və istintaq davam edir.
Hazırda 2-ci Qərb Hərbi Dairə Məhkəməsində qapalı rejimdə Əhmədjon Kurbonov, Robert Safaryan, Batuxan Toçiyev və Ramazan Padiyev barəsində cinayət işi araşdırılır. Onlar general Kirillov və mayor Polikarpovun qətlində ittiham olunurlar.
İttihamlara terrorçu birlikdə iştirak, mütəşəkkil dəstə tərkibində terror aktı törətmə, partlayıcı maddələrin və qurğuların qanunsuz dövriyyəsi, eləcə də terror fəaliyyəti məqsədilə təlim keçmə maddələri daxildir.
Məlumata əsasən, Kurbonov və Safaryan təqsirlərini tam etiraf edərək əməllərindən peşman olduqlarını bildiriblər. Prokuror Kurbonovun ömürlük azadlıqdan məhrum edilməsini, Safaryanın isə 28 il həbs cəzası almasını istəyib. Digər iki təqsirləndirilən şəxs – Toçiyev və Padiyev ittihamları qəbul etməyiblər. Dövlət ittihamçısı onların müvafiq olaraq 26 və 24 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.