BAKI, 8 yanvar. TELEQRAF

1999-cu ildə Monakoda baş verən və milyarder bankir Edmond Safranın ölümü ilə nəticələnən yanğın hadisəsinə görə məhkum edilən ABŞ vətəndaşı Ted Maherin cinayət tarixçəsi bununla bitməyib.

Teleqraf "The Guardian"a istinadən xəbər verir ki, Maherin sonrakı illərdə arvadını öldürmək məqsədilə plan qurduğu məlum olub.

Maher 1999-cu il dekabrın 3-də Monakoda Safraya məxsus yüksək mühafizə olunan evdə baş verib. Yanğın nəticəsində Edmond Safra və tibb bacısı Vivian Torrente tüstüdən boğularaq ölüb. Onlar hücum təhlükəsi olduğunu düşündükləri üçün hamam otağında gizləniblər.

Safranın şəxsi tibb bacısı kimi çalışan Ted Maher ilkin ifadəsində iki bıçaqlı şəxsin mənzilə daxil olduğunu iddia etsə də, sonradan istintaq bu versiyanı təsdiqləməyib. Monako prokurorluğunun açıqlamasına görə, Maher zibil qabını yandırmaqla yanğına özü səbəb olduğunu etiraf edib.

Prokuror Daniel Serdet bildirib ki, Maher özünü qəhrəman kimi göstərmək və işəgötürənin diqqətini cəlb etmək məqsədi ilə hadisəni süni şəkildə yaratmağa çalışıb. İstintaq zamanı onun özünə də xəsarət yetirdiyi müəyyən olunub.

Hadisə beynəlxalq bank dairələrində böyük rezonans doğurub və Safranın maliyyə fəaliyyəti ilə bağlı sui-qəsd ehtimalları irəli sürülsə də, istintaq Maherin təkbaşına hərəkət etdiyini açıqlayıb.

2002-ci ildə Ted Maher yanğın törədərək ölümə səbəb olmaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Təxminən səkkiz il həbsdə qaldıqdan sonra ABŞ-yə qayıdan Maher adını dəyişib.

2025-ci ildə isə Maher ABŞ-nin Nyu-Meksiko ştatında arvadının öldürülməsi üçün sifariş verməkdə təqsirli bilinərək yenidən məhkum olunub. İttihama görə, o, hadisəni narkotikdən ölüm kimi qələmə verməyi planlaşdırıb.

Keçmiş FTB əməkdaşı Jason Pack bildirib ki, Maherin illər ərzində davranışları onun islah olunmadığını, əksinə cinayət fəaliyyətini daha planlı şəkildə davam etdirdiyini göstərir.

Hazırda Ted Maher Nyu-Meksikoda həbsdə saxlanılır. Onun səhhətində ciddi problemlər olduğu, o cümlədən ağır mərhələli boğaz xərçəngi ilə mübarizə apardığı bildirilir.