BAKI, 8 yanvar. TELEQRAF

Nyu-York şəhərinin meri Zohran Mamdani andiçmə mərasimində istifadə etdiyi "Qurani-Kərim"in Nyu-York İctimai Kitabxanasında sərgilənəcəyini elan edib.

Teleqraf xəbər verir ki, Mamdani sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, sözügedən "Qurani-Kərim" XVIII əsrə aid olub.

Onun sözlərinə görə, əlyazma Osmanlı Suriyası ərazisində köçürülüb, qara mürəkkəblə yazılıb və mətn bölmələri qırmızı rənglə işarələnib. Bəzəksiz, sadə tərtibatlı bu nüsxənin gündəlik oxucu üçün nəzərdə tutulduğu qeyd olunub.

Kitabxananın açıqlamasında bildirilib ki, bu eksponat Mamdaninin andiçmə mərasimidən sonra ictimaiyyətə təqdim olunub. Sərgidə həmçinin mərasimdən fotolar, o cümlədən merin "Qurani-Kərim" üzərinə əl qoyduğu anı əks etdirən görüntülər yer alıb.

Nyu-York İctimai Kitabxanasının rəhbərliyi qeyd edib ki, bu "Qurani-Kərim" inklüzivlik, təmsilçilik və ictimai dəyərlər baxımından simvolik əhəmiyyət daşıyır və şəhər sakinlərinin mədəni irslə tanışlığına töhfə verir.