BAKI, 8 yanvar. TELEQRAF

ABŞ prezidenti Donald Tramp bildirib ki, Minnesotanın Minneapolis şəhərində qadını güllələyən ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşı özünümüdafiə məqsədilə hərəkət edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

O, hadisə ilə bağlı videoya baxdığını və baş verənlərin dəhşətli mənzərə olduğunu bildirib. Prezident qeyd edib ki, qışqıran qadın “peşəkar təxribatçı” təsiri bağışlayıb, sükan arxasındakı qadın isə çox nizamsız davranıb, maneə törədib və müqavimət göstərib, sonra isə özünümüdafiə məqsədilə onu güllələyən ICE zabitini qəsdən və amansızcasına vurub.

“Videodan göründüyü kimi, onun sağ qalmasına inanmaq çətindir, lakin hazırda o, xəstəxanadadır”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, hadisə hərtərəfli araşdırılacaq. Bununla yanaşı, Tramp bu kimi insidentlərin səbəbini radikal sol ideyaların tərəfdarlarının federal hüquq-mühafizə orqanlarına qarşı müqaviməti ilə əlaqələndirib.

***

01:16

ABŞ-də ICE əməkdaşı avtomobillə yolu bağlayan qadını güllələyib.

Teleqraf xəbər verir ki, Minneapolis şəhərində ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) əməkdaşı avtomobillə yolu bağlayan qadını güllələyib.

Hadisə barədə "ABC News" məlumat yayıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Trişa Maklaflinin sözlərinə görə, qadın guya avtomobillə hüquq-mühafizə orqanlarının əməkdaşlarını vurmağa cəhd edib.

Minneapolis şəhərinin meri Ceykob Frey isə bildirib ki, ICE əməkdaşının hərəkətləri özünümüdafiə sayıla bilməz. O, federal miqrasiya agentlərini şəhəri tərk etməyə çağırıb.

Şəhər polisinin açıqlamasına əsasən, qadın avtomobilində olub və yolu bağlayıb. Bir müddət sonra federal agent ona yaxınlaşıb, avtomobil hərəkətə başlayıb və ən azı iki atəş açılıb. Nəticədə maşın yol kənarına çıxıb.

Qeyd edək ki, ötən ilin dekabrında Minnesota ştatının Sent-Pol şəhərində də ICE əməkdaşı qeyri-qanuni miqrantın saxlanılması zamanı silah tətbiq etmişdi.