BAKI, 7 yanvar. TELEQRAF

Milyarder İlon Maska məxsus süni intellekt şirkəti *"xAI" son maliyyələşmə mərhələsində 20 milyard dollar vəsait cəlb etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, şirkətin yaydığı məlumata görə, "Series E" investisiya raundu əvvəlcədən nəzərdə tutulan 15 milyard dollarlıq hədəfi üstələyib. Maliyyələşmədə "Nvidia", "Fidelity Management", Qətərin suveren sərvət fondu, eləcə də Maskın yaxın tərəfdaşı Antonio Qrasiasın rəhbərlik etdiyi "Valor Equity Partners" iştirak edib.

Bununla belə, "xAI"nin əsas məhsulu olan "Grok" son günlər ciddi tənqid obyektinə çevrilib. "Chatbotun" qadınlar və azyaşlı qızlarla bağlı razılıq olmadan seksual xarakterli saxta görüntülər yaratdığı iddia olunur. Media məlumatlarına görə, "Grok" sosial şəbəkə "X" üzərindən minlərlə bu cür sorğuya cavab verib.

Bildirilib ki, yaradılan görüntülər arasında 12 yaşlı uşağın şəkillərinin manipulyasiya olunması halları da mövcuddur. "xAI" bu faktlarla bağlı açıqlama yayaraq təhlükəsizlik mexanizmlərində boşluqlar olduğunu etiraf etsə də, tənqidlər səngiməyib.

Fransada məsələ ilə bağlı prokurorluğa müraciət edildiyi, Böyük Britaniyada isə texnologiya naziri Liz Kendallın hadisəni qəbuledilməz adlandırdığı bildirilir. Böyük Britaniyanın media tənzimləyicisi "Ofcom" "xAI" ilə əlaqə saxlayaraq araşdırma ehtimalını dəyərləndirdiyini açıqlayıb.

Qeyd edək ki, "xAI" bundan əvvəl də "Grok"un antisemit və nasist məzmunu yayması qalmaqalından sonra ABŞ Müdafiə Nazirliyi ilə təxminən 200 milyon dollarlıq müqavilə əldə etmişdi.

Şirkət yeni investisiyaların Tennessi ştatında böyük məlumat mərkəzlərinin qurulmasına və süni intellekt modellərinin inkişafına yönəldiləcəyini bildirib.