BAKI, 7 yanvar. TELEQRAF

ABŞ hərbi-sənaye kompleksi (MIC) şirkətlərinə dividend ödənişləri və səhmlərin geri alınması qadağan ediləcək.

Teleqraf xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp özünün "TruthSocial" şəbəkəsində bildirib.

Amerika lideri müdafiə müəssisələrinin hərbi texnika istehsalında yavaş olduğunu və onlara lazımi texniki xidmət göstərmədiyini vurğulayıb.

"Bu məsələlər həll olunana qədər dividendlərə və ya geri alışlara icazə verməyəcəyəm" - Tramp qeyd edib.

O əlavə edib ki, müdafiə sənayesi rəhbərləri avadanlıqlara investisiya qoymaq əvəzinə həddindən artıq maaş alır və böyük dividendlər ödəyirlər. Amerika liderinin sözlərinə görə, bu səbəbdən korporativ rəhbərlər ildə 5 milyon dollarla məhdudlaşdırılmalıdır.

D.Tramp bildirib ki, Amerika müdafiə şirkətləri ən son hərbi texnika istehsal etmək üçün müasir istehsal müəssisələri yaratmalıdır.