BAKI, 8 yanvar. TELEQRAF
Paytaxtın Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqirli bilinən şəxsə hökm oxunub.
Teleqraf xəbər verir ki, Hikmət İskəndərovun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili yolun kənarında dayanmış “Mitsubishi” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan sərnişin, 1980-ci il təvəllüdlü Azadə İsgəndərova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü H.İskəndərov və avtomobildə olan digər sərnişin - 2008-ci il təvəllüdlü Zənurə İsgəndərova müxtəlif dərəcəli xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Məhkəmə materiallarına əsasən, sürücü hadisə zamanı yorğun olduğunu və günəş şüalarının görmə qabiliyyətinə mane olduğunu bildirib. Toqquşmanı son anda hiss etdiyini qeyd edib.
Qəza zamanı dünyasını dəyişən Azadə İsgəndərova sürücünün qardaşının həyat yoldaşı, xəsarət alan azyaşlı isə mərhumun qızı olub.
Mərhumun həyat yoldaşı məhkəmədə qəzanı törədən sürücünü - qardaşını bağışladığını bildirərək hər hansı maddi və mənəvi tələbinin olmadığını deyib.
Məhkəmə qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.