BAKI, 8 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp gələn həftə Qəzza sektorunun idarə olunması üçün “Sülh Şurası”nın yaradıldığını elan edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadla məlumat yayıb.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Trampın bu addımı Fələstin anklavında nizamlanma planının ikinci mərhələsinin həyata keçirilməsi çərçivəsində açıqlaması gözlənilir. Məlumata əsasən, sədri şəxsən Donald Tramp olacaq bu quruma təxminən 15 dünya lideri daxil ediləcək.
“Şura”nın nəzarəti altında hələ formalaşdırılmamış Fələstin texnokrat hökuməti fəaliyyət göstərəcək, eyni zamanda Qəzza sektorunun bərpası prosesi həyata keçiriləcək.
Portalın yazdığına görə, şuraya üzvlük üçün dəvətlər artıq əsas dövlətlərə göndərilir. Gözlənilir ki, qurumda Böyük Britaniya, Almaniya, Misir, İtaliya, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Fransa nümayəndələri təmsil olunsun.
"Axios"un məlumatına görə, “Sülh Şurası”nın Qəzza sektorundakı nümayəndəsi BMT-nin Yaxın Şərq üzrə sülh prosesi üzrə keçmiş xüsusi koordinatoru Nikolay Mladenov olacaq. O, bu həftə İsrailə səfər edərək ölkə rəhbərliyi, o cümlədən baş nazir Binyamin Netanyahu ilə görüşlər keçirir.
Xatırladaq ki, Donald Tramp hələ dekabr ayında “Sülh Şurası”nın tərkibinin 2026-cı ilin əvvəlində açıqlanacağını və quruma bir sıra ölkə rəhbərlərinin daxil olacağını bildirmişdi.