BAKI, 6 yanvar. TELEQRAF

ABŞ Energetika Nazirliyi ölkə daxilində uranın zənginləşdirilməsi güclərinin inkişafı məqsədilə üç şirkətə ümumilikdə 2,7 milyard dollar maliyyə ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun yaydığı açıqlamada bildirilir.

Məlumata görə, vəsaitlər növbəti 10 il ərzində ABŞ-də uranın zənginləşdirilməsi imkanlarının genişləndirilməsinə yönəldiləcək. Vaşinqton hesab edir ki, bu addım enerji təhlükəsizliyini gücləndirməyə və xarici tədarükçülərdən asılılığı azaltmağa imkan verəcək.

ABŞ Energetika Nazirliyindən 900 milyon dollar məbləğində sifarişlər "American Centrifuge Operating", "General Matter" şirkətlərinə, həmçinin Fransanın "Orano" konserninin ABŞ-də fəaliyyət göstərən törəməsi olan "Orano Federal Services" şirkətinə təqdim olunub.

Nazir Kris Rayt bildirib ki, ABŞ administrasiyası mövcud və perspektivli nüvə reaktorlarının fəaliyyətini təmin etmək üçün etibarlı nüvə yanacağı tədarük zəncirlərini bərpa etməyə çalışır.