BAKI, 1 yanvar. TELEQRAF

Ermənistan bütün hüquq və öhdəlikləri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Ermənistan təşkilat çərçivəsində qəbul edilən bütün qərarlardan xəbərdardır: "Əlbəttə ki, biz Ermənistanın KTMT-də tam hüquqlu iştirakını fəal şəkildə dəstəkləyirik, çünki Ermənistanın, eləcə də bu təşkilatın digər üzvlərinin həqiqətən etibarlı təhlükəsizliyinin qorunmasının bundan asılı olduğu tamamilə aydındır. Məhz belə bir nəticəni görməkdən məmnun olardıq".

Qaluzin əlavə edib ki, KTMT Ermənistanla dialoqdadır: "Gəlin bu dialoqun nəticəsini gözləyək".