BAKI, 30 dekabr. TELEQRAF

Füzuli rayonunda qeyri-rəsmi münasibətdə olduğu hamilə qadını bıçaqla hədələyərək zorla qaçıran 1992-ci il təvəllüdlü Təbriz Rəhimov (soy ad şərtidir) məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf xəbər verir ki, istintaq materiallarına əsasən, Təbriz qeyri-rəsmi şəkildə birlikdə yaşadığı və 24–25 həftəlik hamilə olduğunu bildiyi Aygünü onun yaşadığı evdən öz evinə aparmaq qərarına gəlib. Bu məqsədlə o, qonşunun hasarından tullananaraq zərərçəkmiş şəxsin ailəsi ilə yaşadığı həyətə daxil olub. Daha sonra əlində zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağı ilə zor tətbiq etmə hədəsi göstərərək mənzilə qanunsuz daxil olub.

Hadisə zamanı ev sahibəsi Xalidə Bayramova zərərçəkmiş şəxsin aparılmasına etiraz etdikdə, Təbriz bıçağı onun qarın nahiyəsinə dirəyərək real əsasla öldürməklə hədələyib. Ardınca bıçağı silah qismində istifadə edərək hamilə qadını boğaz nahiyəsindən hədələyib və iradəsinə zidd şəkildə evdən çıxarıb. Yol boyu zərərçəkmiş şəxsi geri qayıdacağı təqdirdə öldürəcəyi ilə hədələyərək onu öz yaşadığı ünvana aparıb və orada qanunsuz saxlayıb.

Zərərçəkmiş şəxsin ailəsinin Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciətindən sonra polis əməkdaşları Təbrizin yaşadığı ünvana gəlib. Polis əməkdaşlarının müdaxiləsi zamanı təqsirləndirilən şəxs əvvəlcə bıçağı zərərçəkmişin, daha sonra isə öz boğazına dirəyərək hüquq-mühafizə orqanlarının yaxınlaşmasına mane olmağa çalışıb. Uzunmüddətli profilaktik söhbətlərə baxmayaraq, o, qadını könüllü şəkildə azad etməyib.

Hadisə zamanı Təbriz özünə xəsarət yetirərək boyun və sol qol nahiyəsindən yüngül bədən xəsarətləri alıb.

Məhkəmədə Təbriz ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxslə faktiki nikah münasibətində yaşadıqlarını, hamiləliklə bağlı şübhələrinin olduğunu və onu bıçaqla hədələmədiyini iddia edib. Həmçinin bildirib ki, polis əməkdaşları evə gələrkən bıçağı özünə dirəyib. Təbriz psixi xəstə olmadığını, lakin səhhətində problemlər olduğunu deyib.

Zərərçəkmiş şəxs isə ifadəsində Təbrizin onu dəfələrlə döydüyünü, hamilə olduğu dövrdə təzyiqlərə məruz qaldığını, sonuncu hadisədə isə bıçaqla hədələnərək ayaqyalın vəziyyətdə zorla aparıldığını bildirib. O, təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu qeyd edib.

İş üzrə digər şahidlərin, o cümlədən zərərçəkmiş şəxsin anasının və qonşuların ifadələri də hadisənin zorakılıq və hədə-qorxu ilə törədildiyini təsdiqləyib. Araşdırmalar zamanı hadisə anını əks etdirən video-görüntülər də sübut kimi qiymətləndirilib.

Bundan başqa, təqdim edilən rəsmi məktuba əsasən, təqsirləndirilən şəxsin 2024-cü ildən etibarən şizofreniya əlamətləri və psixi pozuntu diaqnozu ilə tibbi qeydiyyatda olduğu müəyyən edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təbriz Cinayət Məcəlləsinin 134-cü (öldürmə ilə hədələmə), 144.2.2 və 144.2.5-ci (adam oğurluğu) və 157.2-ci (qanunsuz silahdan istifadə) maddələri ilə təqsirli bilinib. Cinayətlərin məcmusu üzrə ona qəti olaraq 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.