BAKI, 28 noyabr. TELEQRAF
Peru məhkəməsi ölkənin sabiq prezidenti Pedro Kastilyonu qiyam təşkil etməyə cəhd işi üzrə 11 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.
Teleqraf xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
Eyni hökm sabiq baş nazir Betsi Çaves barəsində də çıxarılıb. Hazırda o, Limadakı Meksika səfirliyindədir.
Məlumata görə, 7 dekabr 2022-ci ildə Pedro Kastilyo korrupsiya ittihamları ilə bağlı impiçment məsələsinə baxılacağı parlament iclasından əvvəl Peru Konqresini buraxmağa cəhd edib.
Deputatlar səsverməni ləğv etməyib və onun prezident səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul ediblər. Bundan sonra Kastilyo saxlanılıb. Qiyamın təşkili ilə bağlı ittihamlar Betsi Çavesə də irəli sürülüb.