BAKI, 24 noyabr. TELEQRAF
ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planının bir çox müddəaları Rusiya üçün məqbuldur, Avropa planı isə qeyri-konstruktivdir.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Biz bir variantla tanışıq. Bu, Alyaskada (Rusiya və ABŞ prezidentlərinin sammiti zamanı) əldə olunmuş anlaşmalara uyğundur, ona görə də, həmin proqramın bir çox müddəaları bizim üçün tamamilə məqbul görünür. Digər təkliflərə gəlincə, onların çoxu tərəflər arasında müzakirə tələb edir" - Uşakov jurnalistlərə açıqlamasında bildirib.
Uşakov əlavə edib ki, Avropanın təklifləri tamamilə qeyri-konstruktivdir və Rusiyaya uyğun deyil: "Bundan başqa, müxtəlif fərziyyələr var. Kimə inanacağımız bəlli deyil".
Uşakovun sözlərinə görə, Moskva sülh planı üzrə müzakirələrə başlamaq üçün hələlik konkret təklif almayıb.
O, amerikalıların təklifi müzakirə etmək üçün Moskva ilə əlaqə saxlayacaqlarına ümid edir.
"Hələlik biz bilirik ki, bununla bağlı müəyyən siqnallar olub, lakin Rusiya və Amerika nümayəndələri arasında görüşlə bağlı hələ yekun razılığa gəlməmişik. Çünki biz hələ ki, kimin və nə vaxt Moskvaya gəlmək niyyətində olduğuna dair konkret təklif almamışıq", - Uşakov qeyd edib.
Cümə günü Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva ABŞ tərəfindən hazırlanmış sülh planını alıb və Ukrayna münaqişəsinin yekun həllində onun əsas götürülə biləcəyinə inanır.